28 oktyabr 1995-ci il. Bu gün yaşı yüzdən çox olan Azərbaycan dəmir yol nəqliyyatının tarixinə qara hərflərlə yazıldı. Bakıda tarixin ən böyük metro qəzası baş verdi. “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində təxminən 300 adam həlak oldu, 400 nəfər isə xəsarət aldı. Vaqonların hazırlanmasında istifadə edilən plastik materialın yanması kimyəvi silah effekti verdi (sinil turşusu və dəm qazı əmələ gəldi). Digər tərəfdən qəzanın saat 17.50-də sərnişin sıxlığının maksimum olduğu vaxt baş verməsi faciənin miqyasının böyüməsinə səbəb oldu. Tuneldə hava çatışmazlığından və basabasdan çox sayda sərnişin və xilasedici həlak oldu. Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edildi. Həlak olanların dəfn xərcini dövlət ödədi. Bu qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və “birincilik” Azərbaycana keçdi.
Mətbuata açıqlamada qəzanın sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verdiyi bildirildi. Digər tərəfdən, qəzadan 3 gün sonra bütün MDB metrolarında maşinistlərə yeni təlimatlar verildi. Yanğın hallarında qatarı tuneldə saxlamaq qadağan edildi. Təlimata görə, maşinist qəza zamanı qatarı imkan olduğu təqdirdə növbəti stansiyaya çatdırmalıdır. Bu qayda indi də qüvvədədir. Qəza paytaxtın nəqliyyat sistemində bir neçə ay ciddi problemlərin yaranmasına səbəb oldu.