Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobillə qaçırıb. M. Yaqubov qaçırdığı qızı Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb və aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb. M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
APA-nın şimal bürosunun məlumatına görə, 50 CP 716 dövlət nömrə nişanlı avtomaşının içərisində olan sürücü yanaraq ölüb, onun sərnişini isə müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, maşının sürücüsü olan Sumqayıt sakini qızı evlənmək məqsədilə qaçırıb. Qız isə buna etiraz edib. Bu səbəbdən oğlan maşında olan benzini həm qızın, həm də özünün üzərinə tökərək yandırıb.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, magistral yolda baş verən yanğın hadisəsi zamanı 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov yanaraq ölüb, şəxsiyyəti hələlik məlum olmayan bir nəfər qadın isə yanıq xəsarətləri alıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.
*****
16:53
Bu gün Sumqayıt şəhərinin ərazisində, Bakı-Quba yolunun 45-ci kilometrliyində dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, magistral yolun kənrında "Mercedes" markalı avtomobil yanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və alov söndürülüb. Bundan sonra avtomobildən tamamilə yanmış kişi meyiti tapılıb. Həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.
Bildirilir ki, yanğın hər hansı yol-nəqliyyat hadisəsi nəticəsində baş verməyib. İlkin ehtimala görə, sürücü özünü avtomobili ilə birlikdə yandıraraq intihar edib. Araşdırmalar davam etdirilir.