Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 71-ci kilometrində, Xızı rayonu ərazisində qeydə alınıb.
1962-ci il təvəllüdlü Xızı rayon sakini Bağırov Neybulla İsa oğlunun idarə etdiyi 29 BA 498 dövlət nömrə nişanlı “Tavriya” markalı avtomaşın sərt döngədə idarəetməni itirərək aşıb. Qəza nəticəsində maşında olan iki sərnişin - 1983-cü il təvəllüdlü Xızı rayonu, Giləzi qəsəbə sakini Əhmədov Müslüm Həsən oğlu və 1981-ci il təvəllüdlü Xızı rayonu, Stalçay kənd sakini İmambaxşıyev Seymur İmambaxış oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, “Tavriya”nın sürücüsü ll qrup Qarabağ əlilidir və avtomobil ona dövlət tərəfindən verilib.
Faktla bağlı araşdırma aparılır.