Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında yolun 306-cı kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Vəzir Şirin oğlu Şirinovun idarə etdiyi 50-CT-350 dövlət nömrə nişanlı «Hyundai SantaFe» markalı minik maşını qarşı tərəfdən gələn Goranboy sakini, 1962-ci il təvəllüdlü Elmar İbrahim oğlu Süleymanova məxsus 10-ZN-205 dövlət nömrə nişanlı «BMW» markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər - sürücünün qardaşı 1961-ci il təvəllüdlü Elmir Süleymanov, bacısı 1964-cü il təvəllüdlü Kəmalə Süleymanova, 1963-cü il təvəllüdlü Sahilə Eyyub qızı Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Sonradan xəstələrin vəziyyəti ağırlaşdığı üçün onlar müalicə üçün Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına aparılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.