Oktyabrın 13-də Moskvanın Qərbi Biryulyovo rayonunda azərbaycanlıların çalışdığı “Pokrov” bazarına hücumun təşkilində günahlandırılanlardan biri də yaxalanıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskvanın Tver Rayon Məhkəməsinin qərarı ilə Andrey Titarenko həbs edilib.
Ukraynada anadan olmuş Andrey Titarenko Moskvada 30 saylı kollecin tələbəsidir. Andrey Titarenkonu digər təşkilatçılar kimi 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Bundan əvvəl öncədən razılaşdırılaraq qrup şəkilində dələduzluğa yol verdikləri üçün Qərbi Biryulyovo sakini olan 23 yaşlı Artem Novikov və Çertanovdan olan həmyaşıdı Timur Musikayev də həbs ediliblər. Bu şəxslərə qarşı kütləvi iğtişaş və hakimiyyət nümayəndələrinə qarşı zorakılıq maddələri ilə də iş açılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov bu günlərdə Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gəncin qətlində şübhəli bilinir. Rusiya polisi onu Moskva ətrafındakı Kolomne yaşayış məntəqəsində həbs edib. Orxan Zeynalovun həbsi zamanı hüquq-mühafizə orqanlarının kobud davranışı etiraz doğurub.