Güney Azərbaycanda tanınmış milli-mədəni fəal doktor Camal Musəvinijad həbs edilib.
Lent.az-ın məlumatına görə, ötən gün ETTELAAT əməkdaşları onu tutaraq, birillik həbs cəzasını çəkməsi üçün Sarabdakı həbsxanaya aparıblar.
APA-nın xatırlamasına əsasən, o, başqa azərbaycanlı milli-mədəni fəallar - Əli Səmədpur, Səhənd Məali və Həmid Tohidi ilə birlikdə 2012-ci il mayın 24-də Sarada ETTELAAT əməkdaşları tərəfindən həbs edilmişdilər. S.Məali və C.Musəvinejad 2 ay saxlanıldıqdan sonra 60 milyon, Ə.Səmədpur və H.Tohidi isə 5 aylıq həbsdən sonra 150 və 200 milyon tümən zəmanətlə azadlığa buraxılıblar. Ə.Səmədpur ürək-damar xəstəliyindən əziyyət çəkir, azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qaldığından iki dəfə huşunu tamamilə itirib və nəticədə İmam Rza xəstəxanasına aparılıb. Ə.Səmədpur həmçinin Sarab həbsxanasında saxlanıldığı zaman da zindanın məsul əməkdaşları tərəfindən döyülərək huşunu itirdiyindən, İmam Xomeyni xəstəxanasına aparılıb.
Bundan əlavə, Sarab şəhərinin Su İdarəsində işləyən H.Tohidi həbs olunduqdan sonra işdən çıxarılıb. Daha sonra Sarab İnqilab Məhkəməsində hakim Rəhim Xatirinin sədrliyi ilə keçirilən məhkəmə prosesində azərbaycanlı fəallar ümumilikdə 6 il azadlıqdan məhrum ediliblər. Belə ki, S.Məali və H.Tohidi hər biri 2 il, C.Musəvinejad və Ə.Səmədpur isə hər biri 1 il həbs cəzasına məhkum edilib. Bu hökm azərbaycanlı fəallara «hakimiyyət əleyhinə təbliğat aparmaq» ittihamına görə verilib. Bundan başqa, S.Məali və H.Tohidinin hər birinə 1 il də həbs cəzası kəsilib. Ancaq bu hökmün hansı ittiham əsasında verildiyi məlum deyil. Məhkəmə Ə.Səmədpur, C.Musəvinejad və S.Məaliyə bəzi ittihamlardan bəraət verib. Artıq qərar Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Bundan əvvəl, sentyabrın 29-da S. Məali, sentyabrın 30-da Ə. Səmədpur və oktyabrın 16-da H. Tohidi həbs cəzalarını çəkmələri üçün həbsxanaya salınıblar.