Moskvada azərbaycanlı iş adamının oğlu girovluqdan azad edilib.
Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iş adamını oğurlayaraq atasından 2 milyon dollar girov pulu tələb edən cinayətkar qruplaşmanın üzvləri həbs olunub. Şübhəli şəxs qismində saxlanan dörd nəfər iş adamını pulu ödəməyəcəkləri təqdirdə övladını öldürməklə hədələyiblər. Dəstə üzvləri pul ödənən zaman zərərsizləşdirilib.
Əməliyyata Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı birləşmələri də cəlb olunub. Girovun azad edilməsi uğurla başa çatıb, iş adamının oğlu əməliyyat zamanı xəsarət almayıb.
APA TV-nin xəbərinə görə, faktla bağlı cinayət işi başlanıb, saxlanan şəxslər haqqında həbs qətimkan tədbiri seçilib. Hazırda dəstə üzvlərinin digər adam oğurluğu faktlarında iştirak edib-etmədiyi araşdırılır.