Azərbaycanın bir sıra yerlərində törədilən oğiurluq faktlarının üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən həmin oğurluq hadisələrinin bir neçəsini təqdim edir:
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də və 28-də əcnəbi vətəndaşın cibindən 180 ABŞ dolları, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub. Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 29-da rayon ərazisindəki bağ evlərindən birindən 30 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rizvan Hüseynov, Orxan Qəzənfərov və Hikmət Qurbanov tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə 1 avtomobildən akkumulyator, 4 evdən isə məişət əşyaları oğurlamaları da müəyyən edilib.
İyunun 29-da Binəqədi rayonu ərazisində “Lexus” markal avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Gündüz Şükürov 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də Bakı şəhər sakini olan bir qadının çantasından 370 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Etibar Seyidbəyli tutulub.
Oğurluq etməkdə şübhəli bildiyinə görə tutulan Əlibala Əhmədovun ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisindəki yardımçı təsərrüfatlardan birindən 26 hind quşu oğurlaması müəyyən edilib.