Azərbaycan da daxil olmaqla, bir neçə ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarılan “Doktor Frankenşteyn” ləqəbli türkiyəli orqan alverçisi Yusuf Sönmez Amsterdamda görünüb.
Lent.az-ın “virtualaz.org” saytına istinadən xəbərinə görə, bu barədə “TagesWoche” adlı alman nəşri məlumat yayıb. İnsan orqanlarının alveri ilə məşğul olan beynəlxalq mafiyanın liderlərindən biri Yusuf Sönmezin izinə Serbiyanın xüsusi xidmət orqanları düşüb.
Məlum olub ki, beynəlxalq axtarışda olan Y.Sönmez Amsterdam ətrafındakı 2 milyonluq villada yaşayır. Serbiya hakimiyyəti onun həbs edilməsi üçün Hollandiya hüquq-mühafizə orqanlarına sorğu göndərsə də, “Doktor Frankenşteyn” hələ də azadlıqladır.
Hazırda Kosovo tərəfindən də axtarılan Y.Sönmezin Amsterdamda olduğu haqda bundan əvvəl Avropa İttifaqının Priştinadakı hüquq missiyasının rəhbəri, prokuror Conatan Reytel də bildirmişdi. C.Reytel Y.Sönmezin saxlanılması üçün Hollandiya hakimiyyətinə müraciət etmişdi.
Alman nəşri yazır ki, Y.Sönmez böyrək transplantasiyası əməliyyatlarını Kosovonun paytaxtı Priştinadakı “Medicus” klinikasında həyata keçirib. Burada çıxardığı böyrəkləri 80-100 min avro arası qiymətlərə əsasən İsraildən olan alıcılara satıb. Y.Sönmezin müştəriləri arasında həmçinin Almaniya, Polşa və Kanada vətəndaşları da olub.
2008-ci ildə Priştina aeroportunda Yılmaz Altun adlı şəxsin paltarının altından qan axdığını görərək onu saxlayıblar. Məlum olub ki, bu şəxs az əvvəl böyrəyini çıxartdırıb, əməliyyatı Yusuf Sönmez özü şəxsən həyata keçirib. Lakin sonradan Yılmaz Altundan “Doktor Frankenşteyn”in əleyhinə ifadə almaq mümkün olmayıb - o, yoxa çıxıb.
Bildirilir ki, Yılmaz Altun adlı şəxslə bağlı fakt keçmiş Yuqoslaviyaya dair beynəlxalq cinayət məhkəməsinin yüksək rütbəli Kosovo siyasətçilərinin, o cümlədən Kosovo albanlarının lideri Haşim Taçinin barəsində hazırlanan dosyesində yer alır. Yusuf Sönmez Haşim Taçinin adamı hesab olunur və onun adı Avropa Şurasının xüsusi məruzəçisi Dik Martinin də hesabatında yer almışdı.
Hesabatda deyilirdi ki, Haşim Taçinin adamları 90-cı illərin ortalarında Balkanlarda gedən münaqişə zamanı əsir götürülmüş serblərin daxili orqanlarını Y.Sönmezin işlədiyi klinikada çıxartdırıb və satıb, daha sonra əsirlər güllələnib.
Y.Sönmez insan orqanlarının alverinə görə dəfələrlə saxlanılsa da, hər dəfə azadlığa çıxmağa nail olub. Sonuncu dəfə o, 2011-ci ildə İstanbulda saxlanılıb. Y.Sönmez ifadəsində göstərib ki, valideynlərini görmək üçün Kosovodan İstanbula gəlib. O, girov müqabilində azadlığa buraxılıb və tezliklə Türkiyəni tərk edib.
“TagesWoche” qeyd edir ki, Y.Sönmez Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən də axtarılır. 2006-cı ildə onun barəsində qanunsuz transplantasiya ittihamı üzrə cinayət işi qaldırılıb.
Buna baxmayaraq Y.Sönmez son illərə qədər Azərbaycanda özəl klinikalarda orqan transplantasiyası əməliyyatları həyata keçirib. Azərbaycan telekanalları onu müntəzəm olaraq reklam edirdilər. 2010-cu ildə Y.Sönməzin izinə Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasında düşmək mümkün olmuşdu. O vaxt jurnalistlər müəyyən etmişdi ki, “Doktor Frankenşteyn” ayın müəyyən günlərində klinikaya gəlir və əməliyyatlar edir.
Y.Sönmezin əlaqələri olduqca genişdir və o, dünya üzrə orqan mafiyasının əsas liderlərindən biri hesab olunur.