APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində qeydə alınıb. Bu gün səhər saatlarında kəndin mərkəzi hissəsində 1959-cu il təvəllüdlü Əbilova Nərminə Tacəddin qızı qəflətən çaqqalın hücumuna məruz qalıb. Çaqqal qadının qollarına və ayaqlarına ağır xəsarətlər yetirib. Onun qışqırıq səsini eşidən qonşu 1974-cü il təvəllüdlü Yusifova Roza Şəmil qızı kömək etmək üçün qadının yanına gəlib. Vəhşi heyvan Roza Yusifovaya hücum edərək onu da yerə yıxıb. Roza Yusifovanın ayağına, sinəsinə və qollarına ağır xəsarətlər yetirib. R. Yusifova əlbəyaxa olduğu çaqqalı çətinliklə də olsa, boğaraq öldürüb.
Hər iki yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlara quduzluğa qarşı vaksinlər vurulub, lazımı tibbi yardım göstərilib.
Xəsarət alan Nərminə Əbilova APA-nın yerli bürosuna bildirib ki, son illər kənddə mal-qara, toyuq-cücə tez-tez vəhşi heyvanların hücumuna məruz qalır.