2016-cı ilin birinci yarısında dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.
Lent.az-ın məlumatına görə, bunu daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov bu gün DİN-də keçirilən geniş kollegiya iclasındakı məruzəsində deyib.
V.Eyvazov qeyd edib ki, nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 24.700 manat və 10 min ABŞ dolları olan 347 ədəd əskinas, habelə istifadə müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı çıxarılıb.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqətin qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəldiyi nəzərə çatdırılıb. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb.
V. Eyvazov qeyd edib ki, həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.
İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərə də toxunan V.Eyvazov deyib ki, ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud 93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub.
Nazirin birinci müavini qeyd edib ki, kriminal təhdid və çağırışlara qarşı cavab tədbirlərinin görülməsində, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında mühüm funksiyaları həyata keçirən istintaq və ixtisaslaşmış təhqiqat qurumları üzrə fəaliyyətin nəticələri də ümumən qənaətbəxş olub. Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri 7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.
Cinayət xarakterli məlumatlara baxılmasında və qərarlar qəbul edilməsində əhəmiyyətli rolu olan təhqiqatçıların iş həcmi isə cari ilin 6 ayında təxminən 28 faiz artıb.
Polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlərlə 2759 hüquqazidd əməlin qarşısı alınıb, 2022 cinayət işi başlanılıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 162 cinayət açılıb, 6366 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanılıb.
Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 51 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən olunub. Ümumilikdə, axtarılanların 56,8 faizinin tutulması təmin edilib.
Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib.