APA-nın məlumatına görə, 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Masallı rayon sakini Məmmədov Rüfət Kamal oğlu ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Astara rayon sakini Ağayeva Fərzanə Allahverdi qızının müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb. Bu gün təşkil olunmuş tədbirdə onların nikahı rəsmiləşdirilib.
Tədbirdə iştirak edən Penitensiar Xidmətin rəis müavini Rafiq Ramazanov, 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Mahir Əliyev hər iki şəxsi təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu ediblər. R. Ramazanov bildirib ki, iki məhkumun nikaha daxil olması ilk dəfədir ki, baş verir.
R. Məmmədov və F. Ağayeva isə yaradılan şəraitə görə, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, R. Məmmədov və F. Ağayeva azadlıqda olanda ailə həyatı qursalar da, rəsmi qaydada nikaha daxil olmayıblar. Onların iki azyaşlı uşaqları var.
Hər iki şəxs Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə əsasən ittiham ediliblər. Məhkəmənin hökmü ilə R. Məmmədov 7 il, F. Ağayeva isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.