Ağdaş rayonunda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 256-cı kilometrliyində, Ağdaşın Şıxlı kəndi ərazisində qeydə alınıb. Ağdaşın Şəmsabad kənd sakini 1954-cü il təvəllüdlü Səfərəliyev Akif Məhəmməd oğlunun idarə etdiyi 10-XN-864 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “Mercedes” markalı minik maşını ilə toqquşub.
Hadisə nəticəsində “Mercedes” markalı minik maşını tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı “VAZ 2106” markalı maşının sürücüsü Akif Səfərəliyev və sərnişini 1961-ci il təvəllüdlü Rəhimov İlqar Adil oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
“Mercedes”in sürücüsü isə müxtəlif dərəcəli yanıq xəsarətləri və ağır kəllə-beyin travması və sınıq xəsarətləri ilə ölümcül vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda şok vəziyyətində olan xəstənin üzərindəki bütün sənədlər yandığı üçün onun şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.