Azərbaycan və Xorvatiya arasında dostluq münasibətlərinin inkişafı çərçivəsində 2014-cü ildə Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qarşılıqlı fəaliyyətin davamı olaraq Memorandumun implementasiyası çərçivəsində Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniç dövlətlərimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirərək respublikamızın ədliyyə nazirini ölkəsinə səfərə dəvət edib.
Bununla əlaqədar Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bu günlərdə nümayəndə heyəti ilə Xorvatiyada rəsmi səfərdə olub.
Səfər çərçivəsində ədliyyə nazirlərinin görüşü keçirilərək ölkələrimiz arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanıb. Söhbət zamanı Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları barədə məlumat verilib.
Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən O.Milyeniç ölkəmizə dəfələrlə səfər etməsini məmnunluqla xatırladaraq ötən ay Bakının ilk Avropa Oyunlarına yüksək səviyyədə, uğurla ev sahibliyi etdiyini, Bakıya səfər edərək keçirilən möhtəşəm idman yarışlarının canlı şahidi olduğunu vurğulayıb. Xorvatiyalı nazir ölkəsində aparılan hüquqi islahatlar haqqında məlumat verərək hazırkı səfərin qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib. Azərbaycanda ölkə Prezidentinin tapşırığına əsasən elektron məhkəmənin tətbiqi üzrə tədbirlər görüldüyündən, Xorvatiyada bu sahədə aparılan işlərə dair prezentasiya təşkil edilib, konkret istiqamətlər üzrə əməkdaşlığa dair razılıq əldə olunub.
Səfər çərçivəsində ədliyyə naziri F.Məmmədovun Ali Məhkəmənin sədri Branko Hrvatin ilə görüşündə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron məhkəmənin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, o cümlədən səlahiyyətlərinin genişləndirilməsi və digər aktual məsələlər müzakirə edilib.
B.Hrvatin ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın dinamik inkişafını qeyd edərək Azərbaycanda dəfələrlə səfərdə olduğunu, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumunda və insan hüquqları ilə bağlı beynəlxalq konfrasda iştirakını ən xoş təəssüratlarla xatırladıb, bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan ədliyyə nazirinin, həmçinin, Xorvatiyanın Baş prokuroru Dinko Tsvitan ilə görüşü olub. D.Tsvitan Bakıya ötən il edilmiş səfərini və ötən il Bakıda antikorrupsiya sahəsində mübarizəyə dair yüksək səviyyəli beynəlxalq konfransda iştirakını böyük məmnunluqla xatırlayaraq ölkəmizin sürətli inkişafını qeyd edib, iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsininin vacibliyini vurğulayıb. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanlarında fəal təmsilçiliyi vurğulanıb. Həmçinin Azərbaycanda dövlət başçısının siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri, o cümlədən Azərbaycan brendi olan "ASAN xidmət"in vətəndaş məmnunluğuna yönələn səmərəli fəaliyyəti xüsusi vurğulanıb.
Səfər zamanı Azərbaycanda məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərlə əlaqədar təcrübə mübadiləsi məqsədilə birinci və yuxarı instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olunub, hakimlərlə görüş keçirilərək məhkəmə sisteminin müasirləşdirilməsinə dair müzakirələr aparılıb. Həmçinin, ölkəmizdə yeni cəzaçəkmə müəssisələrinin inşası nəzərə alınaraq Xorvatiyanın müəssisələrinə baş çəkilib, məhkumların saxlanma şəraiti, cəzaların icrası qaydası və s. üzrə təcrübə mübadiləsi aparılıb.
Səmimi və dostluq şəraitində keçirilən görüşlərdə Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarına, xüsusilə hakimlərin seçim prosesinə və elektron məhkəmənin tətbiqinə böyük maraq göstərilib. Həmçinin, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.
Tədbirlərdə ölkəmizin Xorvatiyadakı səfiri Kamil Xasiyev iştirak edib.