Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-nın ölkəmizdəki hərbi attaşesi ilə görüşüb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib. General-polkovnik N.Sadıkov qeyd edib ki, Dövlət Departamentinin ölkəmizə qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq biz NATO-nun etibarlı tərəfdaşı kimi cıxış etməkdə davam edirik və Əfqanıstanda bizə həvalə olunmuş missiyanı uğurla yerinə yetiririk.
Danışıqların sonunda general-polkovnik N.Sadıkov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, bizim hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümüdini ifadə edib.