Ədliyyə Nazirliyi Penitensiar xidməti əsgər ölümü ilə bağlı rəsmi məlumat yayıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Mühafizə alayının əsgəri, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu 18.08.2014-cü il tarixdə saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.
Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb. Əsgər Təhməzli Fərid Aslan oğlu tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.