3-4 avqust tarixlərində iqtisadiyyat və sənaye naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olacaq. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar iyulun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib. Görüşdə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə dair müzakirələr aparılıb
Qeyd edək ki, İrana səfər edəcək Azərbaycan nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərenerji” ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxildir. Səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə ediləcək, bir sıra görüşlər keçiriləcəkdir.