Moskvadakı Azərbaycan diaspor təşkilatları Rusiyada işləyən azərbaycanlıları noyabrın 4-də mümkün qədər küçələrə çıxmamağa çağırıb. Bu barədə Modern.az-a Moskvadakı soydaşlarımız məlumat veriblər. Noyabrın 4-də Moskvada keçiriləcək “Rus marşı”ında təxribatların baş verəcəyindən narahat olan diaspor təşkilatları belə halların olmaması üçün soydaşlarımıza müraciət ediblər.
Orxan Zeynalovla bağlı hadisədən sonra əsas hədəfə düşən azərbaycanlı miqrantlar rus millətçilərinin də iştirak edəcəyi bu marşla bağlı ciddi narahatlıq keçirir.
“Hazırda bazarlarda, kafelərdə və digər yerlərdə işləyən azərbaycanlılar narahatlıq içərisindədirlər. Onlar son günlər Moskvada baş qaldırmış millətçi dalğanın bu mitinqdə fəsadları verəcəyindən qorxurlar”-deyə soydaşımız vurğulayıb.
Qeyd edək ki, Moskva hökuməti “Rus marşı”nın keçirilməsi üçün rəsmən icazə verib. Toplantı noyabrın 4-də Lyublinoda keçiriləcək. Yürüşdə 15 min adamın iştirak edəcəyi bildirilir.
Rəsmi olaraq Xalq həmrəyliyi günü elan olunan 4 noyabrda ənənəvi olaraq ultramillətçi qruplar və partiyalar küçələrə çıxırlar.
Bu dəfə də millətçilərin yürüşə qatılacağı bildirilir. Ultra- milətçi qrupun rəhbəri Demuşkin aksiyaya 30 mindən çox adamın qatılacağını deyib. V.Jirinovskinin sədri olduğu LDPR isə Puşkin meydanında 5 min nəfərin iştirakı ilə mitinq keçirəcəyini élan edib. Həmin gün metronun “2 Oktyabr meydanı” stansiyasının qarşısında Romanovlar sülaləsinin 400 illiyi ilə bağlı aksiya təşkil olunacaq.