Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 8-12 sentyabr tarixlərində Belçika və Fransada səfərdə olacaq. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.
Nümayəndə heyəti Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqasının Azərbaycanda qadın hüquqlarına həsr olunan hesabatının Avropa Parlamenti və Fransa Senatında hər iki qurumun üzvlərinin iştirakı ilə keçirilən təqdimatında iştirak edəcək. Hesabat Şuranın maliyyə dəstəyi ilə “Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri” adlı layihə çərçivəsində Liqanın beynəlxalq ekspertləri tərəfindən hazırlanıb.
Bundan əlavə, nümayəndə heyətinin Belçika Senatının spikeri xanım Sabina de Byutün, Fransa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri xanım Elizabet Qiqu və bir sıra digər rəsmilərlə görüşləri nəzərdə tutulur.
Qeyd olunan təqdimat və görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və millət vəkili Məlahət İbrahimqızı iştirak edəcək.