Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib.
APA TV-nin məlumatına görə, Tərlan Məmmədova ötən gün dəfn edilib .
Xatırladaq ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Ağalələ oğlu Kərimov tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Sonradan onun sol ayağı da kəsilib.
Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən, həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub.