ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci illik toplantısında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatı müzakirəyə çıxarılıb. Müzakirələrdə iştirak edən Azərbaycanın nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev APA-ya deyib ki, tədbirdə çıxış edib.
A.Quliyev xatırladıb ki, ATƏT-in 1999-cu ildə İstanbulda keçirilmiş sammitində qəbul edilən əhəmiyyətli siyasi öhdəliklərdən bir çoxu hələ də öz müsbət həllini tapmayıb: “Mən qeyd etdim ki, bu məsələlərdən biri də regiondakı uzun sürən münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz bu problemi illərdir ki, müzakirə edirik. Təəssüflər olsun ki, 21 illik danışıqlara baxmayaraq, ATƏT-in Minsk qrupu hələ də bu məsələ barədə heç bir uğur əldə edə bilməyib, münaqişə çözülməmiş qalır”.
A.Quliyev deyib ki, millət vəkili Bahar Muradova həmsədrlərin sülh danışıqlarında heç bir irəliləyişə nail olmadıqlarını nəzərə alaraq, Minsk Qrupunun tam tərkibdə çağırılmasını təklif edib: “Mən də bu təklifi dəstəklədim və bildirdim ki, 11 üzv ölkənin birgə iclası problemin hərtərəfli və birdəfəlik həllinin tapılması prosesinin dinamikası baxımından faydalı olar”.
Deputat qeyd edib ki, bu konfransda problemin sülh yolu ilə həlli variantları ilə yanaşı Minsk Qrupunun formatı barədə də müzakirələr aparılmalıdır: “Bizim başqa ölkələri də bu prosesə cəlb etməyə ehtiyacımız varmı? Və yaxud, biz Qrupun mandatını gücləndirməliyikmi? Biz gərək bu suallara cavab tapaq”.
A. Quliyev həmsədr ölkələrin G8 forumunda qəbul edilmiş bəyanatla bağlı da danışıb: “Hər üç ölkənin prezidentləri son bəyanatlarında mövcud status kvonun qəbul edilməz olduğunu bildiriblər. Mən də tam razıyam ki, mövcud status kvo dəyişdirilməlidir. Bunun dəyişməsi üçün ilk növbədə Azərbaycanın torpaqları Ermənistanın işğalından azad edilməlidir”.