ASAN Radionun İsrail səfəri davam edir. Dünən çəkiliş qrupumuz Yoknem şəhərində olub. Yoknem İsrailin ən innovativ şəhərlərindən biridir. Əhalisi 25 min nəfərdir. Burada dünyanın aparıcı şirkətlərinin ofisləri yerləşir. Məsələn, Google, İntel, Panasonic, Microsoft kimi brendlər Yoknemdə mövcuddur.
Şəhər meri Simon Alfasi ASAN Radioya müsahibə verib.
ASAN Radionun direktoru Emin Musavinin görüşlərlə bağlı söylədiklərindən:
"Biz 7 il öncə Yoknem şəhərinin birinci vitse-meri Roman Pereslə görüşmüşdük, müəyyən tədbirlərdə iştirak etmişdik. Roman Peres ASAN Radioya müsahibəsində şəhərlə və burada yaşayan Azərbaycandan gələn yəhudilərlə bağlı məlumatlar verdi. Çox maraqlı, faydalı görüşlər oldu."
ASAN Radionun çəkiliş qrupu həmçinin Terat Karmel şəhərində olub. Emin Musavi qeyd edib ki, orada "Beyt Talxum" sinaqoqu yerləşir. Bu sinaqoq Azərbaycandan olan yəhudi əsilli Gilalov qardaşları tərəfindən inşa olunub: "Beyt Talxum sinaqoqu İsrailin ən böyük və ən gözəl sinaqoqlarından biri hesab olunur. Səfərimiz kifayət qədər maraqlı keçir və biz hələ iki gün müddətində İsraildə olacağıq, özəl informasiyanı dinləyicilərimizə çatdıracağıq." Sitatın sonu.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə dövlət komitəsi və ASAN Radio ölkəmizdə dini tolerantlıq, Azərbaycanda multikulturalizm dəyərlərinin inkişafı və Azərbaycan modelinin digər ölkələr tərəfindən öyrənilməsinə dair birgə layihə həyata keçirir. Bu layihədə həmçinin ölkəmizdə yaşayan dağ yəhudiləri icmasının mövcud vəziyyəti, dağ yəhudilərinin ilk ümumdünya konqresindən bəhs edilir.