Arıqlama çaylarının ürəyə bu təsirlərini bildirdiniz? - Həkimdən ÇAĞIRIŞ
Son zamanlar artıq çəkidən əziyyət çəkən insanların sayı artmaqda davam edir. Piylənməyə görə kompleks yaşayan insanlar bu problemdən qurtarmaq üçün müxtəlif yollara əl atırlar. Bunlardan biridə arıqlama çaylarıdır.
Bəs bu çayların insan orqanizminə hansı fəsadları ola bilər?
Mövzu ilə bağlı Lent.az-a danışan terapevt Vəfa Zeynalova həmin çayların insan üçün təhlükəli olduğunu bildirib: “Arıqlama çaylarının insan orqanizmi üçün mənfi təsiri çoxdur. Belə ki, həmin çaylar maddələr mübadiləsinin prosesini sürətləndirir və bağırsaqların mikroflorasını pozur. Bu zaman bağırsaqlarda ishal başlayır, insan bədəni çoxlu maye və mikroelement itirir. Maye əgər çox itirilsə bədəndə susuzlaşma baş verir, bu da qanda və öddə qatılaşmaya səbəb olur. Bundan başqa, böyrəkdə və sidik kisəsində duzların çökməsinə səbəb olur ki, bu da müxtəlif xəstəliklərə yol açır. Bu vasitələr ürək fəaliyyətini pozur, sinir sisteminə təsir edir, mədə bağırsaqda xora əmələ gətirir və digər problemlərə yol açır. Arıqlamaq üçün yalnız düzgün pəhriz saxlamaq və idmanla məşğul olmaq lazımdır”.
Həkim terapevt Günel Verdiyeva da diyetik çayların ziyanlı olduğunu deyib: “Artıq çəkidən əziyyət çəkən insan mütləq həkimə müraciət edib səbəblərini bilməlidir. Çünki artıq çəki müxtəlif xəstəlikdən də xəbər verə bilər. Bu vasitələr müvəqqəti effekt verir, tərkibində işlədici otlar var ki, bu da bağırsaqlarda qıcıqlanma yaradır. Həmin çayları uzun müddət istifadə etmək olmaz, çünki bağırsaqlarda bir çox problemlərə yol açır, və istifadəsini dayandıran kimi atdığımız çəki sürətlə geri qayıdır” - deyə G.Verdiyeva bildirib.
1121