Bakıda film kimi olay: 7 yaşlı oğlan toydan qaçdı, 13 kilometr uzaqda tapıldı
18 sentyabr 2014 10:42 (UTC +04:00)

Bakıda film kimi olay: 7 yaşlı oğlan toydan qaçdı, 13 kilometr uzaqda tapıldı

 

 
Bakıda itən 7 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib. APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 7 yaşlı Ömər Nəbiyev qəsəbədə keçirilən toy mərasimində ailəsi ilə birgə iştirak edib. Valideynlərinin gözündən yayınan balaca toyun keçirildiyi məkandan kənarlaşaraq gözdən itib. Valideynləri və yaxınları uşağın axtarışa başlayıblar. Balaca Ömər aeroport yolunun yaxınlığında Əziz Mahmudov adlı Binə sakini tərəfindən tapılıb. Əvvəlcə polisə məlumat verən Binə sakini onlardan yardım gözləyib. Daha sonra öz imkanlarından da istifadə edərək balaca Ömərin valideynlərinin axtarışa başlayıb.
 

APA TV-dən yardım istəyən Əziz Mahmudovun sözlərinə görə, əqli cəhətdən qüsurlu olan uşaq  əkin sahələrinin yerləşdiyi yerdən təxminən 13 kilometr yol qət edərək aeroport yoluna qədər gəlib çıxıb. Çətin və xeyli təhlükəli yoldan keçən uşaq möcüzə nəticəsində sağ qalıb.

 

Çəkiliş vaxtı ərazidən keçən bir nəfərin balaca Ömərin valideynləri tərəfindən axtarıldığı xəbərini verməsi  bizimlə bərabər bayaqdan ümidsiz şəkildə gözləyənləri sevindirdi. Balaca Ömər və onu tapan Əziz Mahmudovla Binə qəsəbəsində "Sahəlik" deyilən yerdə keçirilən toy məclisinə yollandıq.

 

Toyda iştirak edən qonşular tez oğlunun tapıldığı ilə bağlı şad xəbəri Rövşən Nəbiyevə məlumat verdilər. Az sonra toya gələn ata oğluna qovuşdu.

 

Rövşən Nəbiyevin sözlərinə görə, toyda yaşıdları ilə oynayan Ömər qəfil gözdən yayınaraq itib. Dərhal onun axtarışına  başlayıblar.

 

Qeyd edək ki, həkim müayinəsindən keçən 7 yaşlı Ömər Nəbiyevin səhhətinin normal olduğu bildirildi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1715

Oxşar yazılar