ANAMA avqustun 6-da Agentlik tərəfindən Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş, Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.
ANAMA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hesabatda qeyd edilib ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb. Həmin ərazidə qazıntı işlərinin aparılması zəruriyyəti yarandığına görə təmizləmə əməliyyatı avqustun 8-də davam etdiriləcək.
Tərtər rayonunun Şıxarx kəndində isə – 2 otlaq sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi, OF-540) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb. Bu ərazidə də qazıntı işlərinin aparılması zəruriyyəti yarandığına görə təmizləmə əməliyyatı avqustun 8də davam etdiriləcək.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 6 avqust tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.