Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Məmməd Nəcəfzadə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini döyüşə çağırıb. Lent.az-ın vesti.az-a istinadən verdiyi xəbərə görə, bu barədə M.Nəcəfzadə Facebook vasitəsiylə V.Jirinovskiyə məktub da ünvanlayıb. Məktubda deyilir: “Cənab Jirinovski! Siz, tez-tez Kütləvi İnformasiya Vasitələrində çıxış edərkən, Azərbaycanı və azərbaycanlıları çirkaba batırırsınız. Bizi (9 milyonluq xalqı) qoyun adlandırırsınız! Başqalarını deyə bilmərəm, amma şəxsən məni düşünülməmiş hərəkətlərinizlə çox təhqir edirsiniz. Sizi intellektual bir şəxs kimi qəbul etsəydim, sizə başqa təkliflə müraciət edərdim. Əfsus ki, dəfələrlə əmin olmuşam ki, siz yumruq davasına üstünlük verirsiniz. Qalibi mükafatlandırmaq üçün, oyunun pullu olmağını təklif edirəm. Görüşün tarixi və yeri ilə bağlı müvafiq razılaşmanın bağlanması üçün səbirsizliklə Sizin reaksiyanızı və yaxud da Sizin açıq şəkildə üzr istəməyinizi gözləyirəm”.
Vesti.az M.Nəcəfzadənin təklifini Rusiya Liberal Demokrat Partiyasının mətbuat xidmətinə göndərib.