Ağdaş rayonunda yeni doğulan uşaq dünyasını dəyişib.
APA-nın məlumatına görə, hadisə Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Orta Ləki kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədova Aişə Şaiq qızı dünən qeysəriyyə yolu ilə qız övladını dünyaya gətirib. Əməliyyatdan yolu ilə ana bətnindən götürülən uşaq sonradan hava çatışmazlığından ölüb. Aişə Məmmədovanın qardaşı Rahib Məmmədov APA-ya bildirib ki, uşaq mama-ginekoloq həkim Sevinc Paşayevanın səhvi ucbatından dünyasını dəyişib. Rahib Məmmədovun sözlərinə görə, əməliyyatdan az sonra toy məclisinə gedən həkim Sevinc Paşayeva uşağın hava çatışmazlığından boğulması ilə bağlı çağırışa məhəl qoymayıb: “Biz dərhal telefonla zəng edərək həkim Sevinc Paşayevaya məlumat verdik və uşağın oksigen balonu ilə təmin olunmasını istədik. Həkim xəstəxanada oksigen balonunun olmadığını bildirdi. Uşağı təcili və təxirəsalınmaz tibbi yardım maşını ilə Gəncə şəhər Uşaq Xəstəxanasına apardıq. Ora çatdırılanda artıq uşaq ölmüşdü. Halbuki körpəyə 5 dəqiqə ərzində balon vasitəsilə oksigen verilsəydi onu normal həyata qaytarmaq olardı. Bu gün səhər biz Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nuru Nuriyevlə görüşdük. O dedi ki, rayon xəstəxanası üçün yeni bina tikilib və səhiyyə ocağı hər cür tibbi avadanlıqla təmin edilib, xəstəxanada oksigen balonları var”.
Xəstəxananın baş həkimi Nuru Nuriyev isə APA-ya bildirib ki, dölyanı mayenin uşağın tənəffüs yollarına axıb dolması səbəbindən onda ağır asfiksiya yaranıb. Nəticədə uşaq boğulub. Uşağa lazımi tibbi yardımlar göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Baş həkimin sözlərinə görə, uşaq bir müddət oksigen balonuna da qoşulub. N. Nuriyev xəstənin yaxınlarının uşağın ölümü faktı ilə bağlı düzgün məlumat vermədiyini də bildirib. O, bu hadisədə həkimin günahının olmadığını qeyd edib. Baş həkimin sözlərinə görə, uşaq ölümü faktı Səhiyyə Nazirliyinin müvafiq komissiyası və xəstəxana rəhbərliyi tərəfindən araşdırılır.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Məlumata görə, mayın 26-da rayonun Ərəbocağı kənd sakini 1979-cu il təvəllüdlü İdrisova Samirə Tahir qızı doğuşdan sonra vəziyyətinin pisləşməsi ilə əlaqədar Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.