Rayonun Yenicə kənd sakini Elçin Baxışov APA-nın yerli bürosuna bu gün səhər saat 11:00 radələrində kənddəki mağazada olarkən qəflətən bir çaqqalın içəri daxil olaraq ona hücum etdiyini bildirib: “Mağazada tək idim, qəfildən içəri girən çaqqalın bayıra çıxması üçün səs-küy saldım, amma o üstümə qaçaraq ayağımdan dişləmək istədi. Mən piştaxtanın üstünə çıxaraq oradakı əşyaları çaqqalın üstünə atdım. Sonra ağacla onun başına vurub öldürdüm”.
Kənd sakinləri ətraf ərazidə yaşayan çaqqal və tülkülərin tez-tez toyuq-cücəyə hücum etdiyini və onlara xeyli ziyan vurduğunu bildirsələr də, çaqqalın insana hücum etməsinə ilk dəfə rast gəldiklərini bildiriblər. Kənd sakinləri ehtimal edirlər ki, çaqqal quduzluq xəstəliyinə yoluxub və ona görə də insana hücum edib. Məsələ ilə bağlı rayon Baytarlıq idarəsinə məlumat verilib.