Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
APA-nın qərb bürosunun məlumatına görə, prosesə hakim Elbəy Allahverdiyev sədrlik edir.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.
Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb.
İstintaqla müəyyən olunub ki, Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb. Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə Arsen Baqdasaryanın üzərindən götürülmüş soyuq silaha və digər əşyalara, torpağa basdırılmış minalardan birinə, həmçinin digər iki minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin edilərək rəylər alınıb, hadisənin şahidləri dindirilib.
Arsen Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.
Törətdiyi əməllərə görə Arsen Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Hazırda Respublika Hərbi Prokurorluğunda cinayətkar birliyin digər üzvləri barəsində cinayət işi ayrılmaqla, ibtidai istintaq davam etdirilir.