Bu gün Quzanlı qəsəbəsində Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar yürüş keçirilib. Lent.az-ın məlumatına görə, yürüş Quzanlı qəsəbəsindən Şəhidlər Xiyabanınadək davam edib. Daha sonra isə mitinq keçirilib.
Mitinqdə Qarabağ müharibəsində Ağdamın və ağdamlıların rolu barəsində çıxışlar edilib. Bildirilib ki, bu rayon müharibədə 6 min nəfərdən artıq şəhid verib. 16 nəfər isə Milli Qəhrəman adına layiq görülüb. Mitinq iştirakçıları ölkə rəhbərliyindən torpaqların tezliklə geri qaytarılması üçün əlindən gələni etməsini xahiş edib. Ağdamlılar növbəti yürüşün Ağdam şəhərinə ediləcəyinə inandıqlarını ifadə ediblər.