Ağcabədi rayonunda ötən gecə qətlə yetirilən qadının meyiti qonşuları tərəfindən aşkarlanıb.
Mərhum Kamilə Əhmədovanın qardaşı Kamil Mehrəliyev APA-nın Qarabağ bürosuna bildirib ki, bacısının Bakıda yaşayan övladları anaları telefon zənglərinə cavab vermədiyindən qonşulara zəng edərək nigaran qaldıqlarını deyiblər: “Evə gələn qonşular qapını açıq, bacımın meyitinin dəhlizdə olduğunu görüblər. Ev qan içində olub. Bacım heç çəkmələrini də soyunmayıbmış”.
Yaxınları mərhum K. Əhmədovanın evə daxil olarkən qatil və ya qatillərlə qarşılaşdığını, onun ütü ilə başından vurularaq öldürüldüyünü ehtimal edirlər. Onlar qətlin oğurluq, qarət məqsədi ilə törədildiyini də ehtimal etmirlər. Məlumata görə, mərhumun qızılları üstündə olub.
O da bildirilib ki, K. Əhmədovanın qızı və oğlu Bakıda yaşadığı üçün o evdə tək yaşayıb. K. Əhmədovanın evində Ağcabədidə ali məktəbdə təhsil alan tələbə qızlar kirayədə qalıb. Hazırda qış tətili olduğu üçün tələbələr evdə olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
***
11:10
Ağcabədi rayonunda qətlə yetirilən qadın həkim olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, qətə yetirilən 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı evdə tək yaşayıb. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadığı bildirilir.
Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
10:15
Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb.
Rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi başlanıb.