Abşeron polisi cibgirlik və narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb.
APA-nın məlumatına görə, 49 yaşlı Ədalət Məhəmmədov narkotik vasitə alarkən saxlanılıb. Polis idarəsinə gətirilən Ə.Məmmədov ilkin ifadəsi zamanı əsl sənətinin oymaçı olduğunu, asan yolla pul qazanmaq üçün cibgirliklə məşğul olduğunu bildirib. O, ifadəsində göstərib ki, sonuncu dəfə 20 nömrəli marşrut avtobusu ilə gedərkən qadına məxsus mobil telefonu götürərək dayanacaqda düşüb.
İstintaq zamanı məlum olub ki Ədalət Məhəmmədov bundan öncə də dəfələrlə məhkumluq həyatı yaşayıb. Abşeron Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları Ədalət Məhəmmədova narkotik vasitəni satan şəxsi də yaxalayaraq istintaqa cəlb edib. Məlum olub ki bu şəxs, əvvəllər 5 dəfə məhkumluq həyatı yaşayan Salman Lələyevdir.
Şübhəli şəxs qismində idarəyə gətirilən Salmanın üzərindən narkotik vasitə hesab olunan kokos polis əməkdaşları tərəfindən götürülüb. Həmçinin onun Masazır qəsəbəsindəki kirayə qaldığı evinə baxış zamanı oradan da narkotik vasitələr aşkarlanıb.
Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb araşdırma gedir.