Mazda 6 ilin “Ən yaxşı eksteryer dizaynına malik avtomobil”i seçilib. Almaniya Dizayn Şurasının keçirdiyi “Avtomobil Brendlərinin Yarışı 2013”ün nəticələri elan edilib. Nəticələrə görə, Mazda dünya avtomobil sənayesinin öncülləri olan alman avtomobilləri arasında “Best of the Best” (Ən yaxşıların ən yaxşışı) adı qazanan yeganə xarici marka olub. Eksteryer və interyerin, konsepsiyanın, brend dizaynının, kampaniyaların, tədbir və arxitektor işinin qiymətləndirilməsi ilə keçirilən müsabiqədə Mercedes-Benz s-klass 2 nominasiyada qalib gəlib. Audi R8 “Ən yaxşı optika”ya malik avtomobil kimi qiymətləndirilib, BMW i8 “Ilin innovasiyası” kimi tanınıb, Porsche-nin baş icraçı direktoru “İlin brend meneceri” seçilib.
Alman Bundestaqının təşəbbüsü ilə 1953-cü ildə yaradılmış Almaniya Dizayn Şurası müstəqil beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Mükəmməl dizaynları dəstəkləmək məqsədilə bir fond kimi xidmət göstərən Şura keçirdiyi tədbirlər, konfranslar, seminar və müsabiqələrlə məşhurdur. Hazırda Şuraya dünya üzrə 180 şirkət daxildir.
Qeyd edək ki, Mazda 6 bu il sentyabrda Frankfurt avtoşousunda ictimaiyyətə təqdim edilib. Avtomobil yüksək aerodinamikaya malik yenilənmiş kuzovu, 7.8 saniyəyə 100 km/saat sürəti yığan, qənaətcil və ətraf mühitə sayğılı mühərriki, ailə avtomobili olmaq iddiası ilə yadda qalıb.
Mazda 6 Yeni Avtomobillərin Qiymətləndirilməsi üzrə Avropa Proqramının (Euro NCAP) 2013-cü il üzrə təhlükəsizlik testindən ən yuxarı - 5 balla çıxaraq, bütün kateqoriyalarda – istər sürücülər, istər böyük və uşaq sərnişinlər, istərsə də piyadalar üçün yüksək təhlükəsizliyə zəmanət verdiyini nümayiş etdirib.
Qısa müddətdə ictimaiyyətin rəğbətini qazanmış Mazda 6 bir neçə gün əvvəl Varşavada keçirilən Nobel sülh mükafatının qonaqlarının rəsmi avtomobili olmuşdur.