Kurslarda iştirak edən 29 KİV nümayəndəsinə sertifikatlar təqdim olundu
Azercell şirkətinin “Kaspi” Tədris Mərkəzi ilə birgə təşkil etdiyi “Jurnalistlər üçün ingilis dili kursları”-nın növbəti mərhələsi başa çatıb. Oktyabrın 11-də keçirilən sertifikatların təqdim etmə mərasimində Azercell şirkətinin Prezidenti Kiril Qaburiç, “Kaspi” Tədris Mərkəzinin təsisçisi Sona Vəliyeva və Mərkəzin direktoru Elnur Əliyev iştirak edib. Öz çıxışında Kiril Qaburiç qeyd edib ki, jurnalistlərin istəyinə əsasən, bu ildən etibarən rus dili kursları da təşkil olunacaq. Şirkətin prezidenti marağı olanları bu kurslara yazılmağa dəvət edib. Sonra ingilis dili kursunu uğurlu başa vuran jurnalistlərə sertifikatlar təqdim olunub. Eyni zamanda, imtahanlarda yüksək nəticələr göstərən jurnalistlərin adları açıqlanaraq, onların Böyük Britaniyada ingilis dilinin təkmilləşdirilməsi kursuna göndərilməsi barədə məlumat verilib. Bununla bərabər, ingilis və rus dili kurslarına yeni qrupun toplanması elan olunub.
Azercell-in jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları 6 ay ərzində davam edib. Mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər.
Məlumat üçün bildirək ki, artıq 3 ildir ki, Azercell jurnalistlər üçün dil kursları təşkil edir. Bü günə kimi 100-dən çox KİV nümayəndəsi ixtisaslaşmış ingilis dili kurslarında iştirak edib. İngilis dilinin biliklərini artırmaqla, şirkət KİV nümayəndələrinin inkifana kömək edir və onların beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.