Daxili İşlər Nazirliyi Abşeronda bank filialına edilən basqının təfərrüatlarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov
APA-ya bildirib ki, bəzi mətbuat orqanlarında hadisənin mahiyyəti təhrif olunub: “Əslində hadisə belə olub ki, qeyd olunan filialda sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib. Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin mülki əməkdaşı Hamlet Şıxəliyev içəridən gələn səsdən şübhələnib. O, içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin üzərindəki xidməti tabel silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi diz nahiyəsindən yaralanıb. Yaranmış vəziyyətdən istifadə edən Hikmət Əliyev hadisə yerindən qaçıb. Buna baxmayaraq, hadisə yerinə gələn Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi isti izlərlə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər”.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
***
00:46
"Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub. APA-nın məlumatına görə, bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Bıçaq və güllə yarası almış mühafizəçi Əsədov Vüqar Vahid oğlu Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazindən uzaqlaşıblar.
Məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir.
Qeyd edək ki, silahlı basqında bir neçə nəfərin iştirak etdiyi bildirilir.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.