Avqustun 17-də saat 03 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, qəza zamanı müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Zaur Əsgərovun idarə etdiyi “MAN” markalı avtomobil toqquşub. Nəticədə müəyyən edilməmiş avtomobilin yanar konstruksiyaları yanmış, 25-30 yaşlı sürücü hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa, dünən saat 07 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Salyan rayon sakini Hüsaməddin İbrahimov idarə etdiyi “Peugeot” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, H.İbrahimov orada dünyasını dəyişib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dünən saat 19 radələrində Binəqədi rayonunda da yol-nəqliyyat hadisəsi yaşanıb. Belə ki, Bakı şəhər sakini Ağarza Xudaverdili idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Ələsgər Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Həmçinin dünən axşam saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Sultan Yusifzadə idarə etdiyi “Mitsubishi” markalı avtomobili ilə maneəyə çırpılıb. Nəticədə S.Yusifzadənin sərnişinləri - atası Nüsrətəli və anası Nəzakət xəstəxanaya yerləşdirilmiş, Nüsrətəli orada dünyasını dəyişib.
Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Avqustun 17-də saat 21 radələrində Bərdə rayonunun Zümürxan kəndində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Ağdam rayon sakini Vüsal Əliyevin idarə etdiyi “Mercedes”, Kəlbəcər rayon sakini Aqil İsayevin idarə etdiyi “VAZ-2106”, rayon sakinləri Kənan Tofiqlinin idarə etdiyi “VAZ-2106” vəSaleh Qasımovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə A.İsayev və sərnişinlərindən - arvadı Vəfa hadisə yerində ölmüş, digər 2 sərnişini, S.Qasımov və 2 sərnişini, habelə K.Tofiqlinin 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.