Qeyri-rəsmi nikahda yaşadığı qadınla mübahisə edən kişi onu amansızlıqla öldürüb.
Lent.az-ın xezerxeber.com-a istinadən məlumatına görə, ağır cinayət paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib.
Hadisədən iki gün sonra qəsəbə sakini 37 yaşlı Altay Həsənov Xəzər polis bölməsinə gedərək 34 yaşlı Yasəmən Novruzovanın itkin düşdüyünü deyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Altay Həsənovun Yasəmən Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.
Qonşular qeyd edirlər ki, hadisəni törədən Altay Həsənovun indiyə qədər bir neçə dəfə qeyri-rəsmi ailə həyatı qurub. Hər dəfə də qadınları döydüyü üçün onlar 2-3 ay sonra Altaydan imtina ediblər.
Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. Altay Həsənov isə saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı Altay Həsənov Yasəməni əmisi oğlu ilə mobil telefonla danışdıqdan sonra döydüyünü deyib.
Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, qətlə yetirilən 34 yaşlı Yasəmən Novruzova 4 aylıq hamilə imiş.