Bakı Apellyasiya Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirən Səbinə İmanova birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadının anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı avqustun 17-ə təyin edilib.
Qeyd edək ki, qətl keçən il Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş əri olan Adil Məmmədovu nənəsigilə qonaq çağırıb. Onlar birlikdə yemək yeyiblər, 0,7 litr həcmində spirtli içki qəbul ediblər. Bu zaman onlar arasında qısqanclıq zəminində mübahisələr yaranıb. Bu zaman Səbinə İmanova bıçaqla keçmiş ərini qətlə yetirib. Ona Cinayət Məcələsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Səbinə İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə İmanova 12 il müddətə azadlıqdan məhrum edilib.