Fövqəladə Hallar Nazirliyi Gəncədə qənnadı fabrikində baş verən yanğınla bağlı məlumat yayıb.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Gəncənin Nizami rayonunda vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 6300 kv.m (hər mərtəbəsi 1260 kv.m) olan beşmərtəbəli Gəncə Qənnadı ASC-nin anbarının 3-cü mərtəbəsində 50 kv.m sahədə plastik tullantılar yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
15:37
Gəncədə qənnadı fabrikində yanğın baş verib.
Lent.az-ın Kəpəz TV-yə (Region TV) istinadən xəbərinə görə, Gəncə Qənnadı ASC-də yanğın baş verib. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınır.
İlkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb.
Xatırladaq ki, iki gün bundan öncə də Gəncə Qənnadı ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.