<b>"Miryusif MTN-dən zəng edib dedi ki...."- <span style="color:red;">MƏHKƏMƏ </b>
15 noyabr 2016 12:49 (UTC +04:00)

"Miryusif MTN-dən zəng edib dedi ki...."- MƏHKƏMƏ

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Miryusif Mahmudovun vəkili İlhamə Qasımova bildirib ki, onların keçən proses qaldırdıqları vəsatətin müzakirə edilməsini və əlavə şahidlərin dindirilməsini istəyir. Dövlət ittihamçısı bildirib ki, əsas şahidlərin və zərərçəkənlərin dindirilməsi başa çatdıqdan sonra əlavə şahid məsələsinə baxılmalıdır. Hakim Əfqan Hacıyev qeyd edib ki, iş üzrə dindirilməli bir şahid qalıb, o da ölkə hüdudlarından kənardadır və onun istintaqa verdiyi ifadə elan ediləcək. Prosesdə müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti də müzakirə ediblər. Prokuror Fərid Nağıyev vəsatətin təmin olunmamasını istəyib. O bildirib ki, əlavə şahidlərin ifadələrinin iş üzrə heç bir əhəmiyyəti yoxdur:

 

"Siyahıda olan şəxslərin çoxu Miryusif Mahmudovun işçiləridir, onların nə ifadə verəcəkləri məlumdur". Hakimlər kollegiyası vəsatəti təmin edib.

 

Prosesdə əlavə şahidlərin dindirilməsi başlanılıb. İlkin olaraq " Qlobal Constuction "ın baş mühəndisi olmuş Mansur Hüseynov ifadə verib. O dindirilərkən bildirib ki, çalışdığı dövrdə göstərişləri şirkətin inşaat rəhbəri Toğrul Məmmədovdan alırdım: "Rəhbərlik Toğrul müəllimə tapşırıq verirdi, o da bizə deyirdi. Birbaşa olaraq şirkətinin təsisçisi, digər yüksək vəzifələr bizə heç bir tapşırıq verməyib. Bizim şirkət sifariş qəbul edərək direktor İlqar Vəliyev görüşlər keçirirdi, razılaşırdı". Şahid onu da əlavə edib ki, poliuretan məhsulunun hansı formada vurulması ilə bağlı qayda olmayıb:

 

"Sifariş əsasında razılaşma olurdu. Bəzi binalarda "karkaz" qurulurdu, bəzilərində isə yox". Şahid bildirib ki, yanğın günü sahədə olub: "Ofisdə yox idim. Zəng gəldi. Mən də bir vətəndaş kimi yanan binaya getdim. 1 saatdan sonra ofisimizə MTN-nin əməkdaşı gəldi. Miryusif müəllimi MTN-ə apardılar. Sonra nazirlikdən Miryusif müəllim zəng eləyib dedi ki, son çıxardığımız işçilərdən kimsə bizə qarşı kinli, pis niyyətli qalmıyıb ki? Mənə də yox dedim". Proses davam edir.

 

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102
avatar

Səlcuq Elçin

Oxşar yazılar