İspaniyanın “Real Madrid” futbol klubuna məxsus “Santyaqo Bernabeu” stadionunda 46 ildən sonra qapılara 10 qol vurulub. Lent.az-ın məlumatına görə, bu, “kral klubu”nun “Sevilya” ilə oktyabrın 30-da keçirdiyi ölkə çempionatı matçında baş verib.
Meydan sahiblərinin 7:3 hesabı ilə qalib gəldiyi oyunda 3 penalti və 1 qırmızı vərəqə də qeydə alınıb. İlk 2 qolu 13 və 27-ci dəqiqələrdə “Real Madrid”in supertransferi və dünyanın ən bahalı futbolçusu Qaret Beyl vurub. “Kral klubu”nun ən çox qazanan oyunçusu Kriştianu Ronaldu isə “het-trik” edib. O, 32-ci dəqiqədə penaltidən, eləcə də 60 və 71-ci dəqiqələrdə fərqlənib. Mərkəz hücumçusu Kərim Benzema isə 53 və 80-ci dəqiqələrdə vurduğu qollarla “dubl” edib.
“Sevilya”dan isə İvan Rakitiç 38-ci dəqiqədə penaltidən və 63-cü dəqiqədə, həmçinin Karlos Bakka 40-cı dəqiqədə fərqlənib. Lakin Rakitiç 74-cü dəqiqədə daha bir penaltini boşa verib. 76-cı dəqiqədə isə qonaq komandanın futbolçusu Stefan Mbia qırmızı vərəqə alıb.
Möhtəşəm qələbə sayəsində xallarını 25-ə çatdıran “Real Madrid” 3-cü, “Sevilya” isə 13 xalla 11-ci yerdə qalıb. Digər tərəfdən, Ronaldu 11 qolla bombardirlər siyahısında “Atletiko”nun hücumçusu Dieqo Kostanın liderliyinə şərik olub.
Qeyd edək ki, sonuncu dəfə “Santyaqo Bernabeu”da 10 qol 1967-ci ildə “Real Madrid” – “Real Sosyedad” matçında vurulub – 9:1.