Daxili İşlər Nazirliyi polis polkovnikinin oğlunun düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən A.Hüseynov polis polkovniki, Lənkəran şəhər Polis Şöbəsinin sabiq rəisi Möhübbət Hüseynovun oğludur.
**
4 avqust
İmişlidə baş verən qəzada 27 yaşlı sürücü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Kürdəmir-İmişli magistralında, Allahmədətli kəndi ərazisində qeydə alınıb. “Range Rover” markalı, 90 EP 003 dövlət nömrə nişanlı avtomobili idarə edən İmişli rayonunun Bəcirəvan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Anar Möhübbət oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb.
Avtoqəza nəticəsində xəsarət alan sürücü İmişli Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov iyunun sonunda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran ŞRPŞ-nin sabiq rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğludur.