Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov dövlət başçısının boşanması barədə şərh verib.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Dmitriy Peskov prezident Vladimir Putinlə xanımı Lyudmilanın ayrılmağa qərar verdiklərini, ancaq rəsmi olaraq hələ boşanmadıqlarını bildirib.
Dmitriy Peskov cütlüyün ayrılmasının prezidentin həyatında başqa bir qadının olmasından qaynaqlanmadığını bildirib. Onun sözlərinə görə, Vladimir Putinin həyatında başqa qadın yoxdur. Qızlarının valideynlərinin boşanacağı barədə xəbəri necə qarşıladıqları barədə suala cavab verməkdən yayınan Dmitriy Peskov hər kəsi prezidentin şəxsi həyatına hörmətlə yanaşmağa, müdaxilə etməməyə çağırıb.
Qeyd edək ki, Lyudmila Putina dünən axşam Vladimir Putinlə nikahlarının başa çatması barədə ümumi qərar qəbul etdiklərini bəyan edib. 1983-cü ildə ailə quran cütlüyün iki qızı (28 yaşlı Mariya və 27 yaşlı Yekaterina ) var.