Bakıda məsciddə yaşayan ailənin acınacaqlı həyatı
Firdovsi Mirzəyev: "Bezmişəm, belə həyatdan canımızı qurtarmaq istəyirəm”
Bakının Mehdiabad qəsəbəsində yaşayan evsiz-eşiksiz ailə 4 aydır ki, yaxınlıqdakı məscidə sığınıb. Bir həftədən çox parklarda gecələyən ailəni mömin insanlar taparaq bu məsciddə yerləşdirib. Ailədə iki azyaşlı uşaq böyüyür. Ağır xəstə olan ailə başçısı Firdovsi Mirzəyev körpələrini günəmuzd fəhlə işləməklə dolandırır. İllərdir ağır şəraitdə yaşayan bu insanların həm tibbi, həm də maddi yardıma ehtiyacı var.
Ailənin yaşam şəraiti və problemləri ilə daha yaxından tanış olmaq üçün onların sığındığı “Qulam Hüseyn” məscidinə baş çəkdik.
Mirzəyevlər ailəsi məscidin həyətindəki “Əliəsğər adına mədrəsə”də yaşayır. Ümumi sahəsi 12 kvadratmetr olan bu otaq onların həm mətbəxi, həm yataq otağı, həm də qonaq otaqlarıdır. Evdə əşya adına bir soyuducu və bir divandan başqa heç nə gözə dəymir. Ailə başçısı Firdovsinin sözlərinə görə, bu əşyaları da onlara maddi dəstəklərini əsirgəməyən inanclı insanlar bağışlayıb.
İntihar həddinə çatan ailə başçısı
41 yaşlı Firdovsi Mirzəyev 2009- cu ildə Kəmalə Atakişiyeva ilə ailə qurub. Maddi vəziyyətləri pis olduğundan o, ailəsi ilə birgə işləmək üçün Bakıya gəlib. Gündəlik çörəkpulunu qazanmağı bacarsa da, Mirzəyevlər ailəsi bu günə qədər ev-eşik qura bilməyib.
Bu müddətdə onların iki övladı - oğlu Əliyunis və qızı Mədinə dünyaya gəlib.
İndi dörd nəfərdən ibarət ailənin qayğıları vərəm xəstəsi olan Firdovsi Mirzəyevi intihar həddinə çatdırıb. Deyir ki, əgər bu iki körpə olmasa, çoxdan bu dünyadan əlini üzərdi: “Nə qədər belə yaşamaq olar. Gündə 20 manat qazanmaqla nə edə bilərəm mən? Cənab prezidentə müraciət edirəm, heç olmasa bizim kimi kasıbın, yetimin qayğısına qalsın. Daha əlacım qalmayıb. Özümü də, uşaqları da 16-cı mərtəbədən atacam, bəlkə belə həyatdan canımız qurtardı. Ağır xəstəliklər keçirtmişəm. İmkanım yoxdur ki, müalicə edəm. Bu iki körpəyə görə qorxuram. Mən ölüb getsəm, bunlara kim baxacaq?”
“Heç kim bizə yaxın durmur”
Firdovsi Mirzəyev başda dövlət qurumları olmaqla, onlara kömək etmək imkanı olan hər kəsə müraciət edir, yardım istəyir. Deyir ki, bircə otaq evim olsa, gündəlik çörəkpulunu, digər xərcləri özüm qazanıb çatdıraram: “Bircə otaq evim olsun, bilim ki, mən öləndən sonra balalarım çöldə qalmayacaq. Mənim xəstəliyim elədir ki, buna tutulan adam çox yaşaya bilmir”.
Həmsöhbətim deyir ki, bütün dövlət qurumlarına müraciət edib, ancaq cavab ala bilməyib. Sosial Müdafiə Fonduna müraciətləri isə, qeydiyyatda olmadıqlarına görə, nəticəsiz qalıb: “Sosial Müdafiə Nazirliyindən deyirlər ki, bizə ünvan gətirin, arayış gətirin. Haradan alaq biz o arayışı, kimdən alaq? Buna görə sosial yardım da ala bilmirik. Qeydiyyatda olmadığımıza görə, uşaqları bağçaya götürmürlər. Heç bir yerdə poliklinikada həkimlər bizə yaxın durmurlar” .
Qəhrəmanımız deyir ki, 4 il 8 ay Qarabağ uğrunda döyüşlərdə iştirak edib. İndi uğrunda canını verdiyi vətəndə bir parça torpaq yiyəsi deyil.
Övladından xəcalət çəkən ana
Evin xanımı Kəmalə Atakişiyeva isə deyir ki, 5 ilə yaxındır, sığınacaqlarda qalır, artıq belə yaşamaqdan xəcalət çəkir: “Üz tutmadığımız dövlət qurumu qalmayıb. Hamısı qeydiyyat istəyir, yaşayış yerindən arayış istəyir. Allah xeyirxah insanlardan razı olsun, geyimdən tutmuş ərzağa qədər. köməklik edirlər. Ancaq bundan xəcalət çəkirəm. Əlim -ayağım sağdır. Uşaqları bağçaya qoyub, özüm də işləmək istəyirəm. Ancaq heç yerdə uşaqları bağçaya götürmürlər ”.
Ailənin xanımı qışda burada yaşamağın mümkün olmayacağını deyir. Əgər onlara vaxtında yardım edilməzsə, körpə uşaqlarla küçələrdə qalacaqları gün uzaqda deyil. Çətin yaşam şəraitindən, çəkdikləri əziyyətlərdən danışan Kəmalə xanım göz yaşlarını saxlaya bilmir: “Ailəlikcə gedib onun-bunun qapısında köləlik edirik, bir qarın çörək üçün. Özüm də xəcalət çəkirəm uşaqlardan da, bizə yardım gətirən insanlardan da”.
Valideynlərinin özlərinə görə, doğulduğu gündən etibarən bu balaca körpələr yayda istidən, qışda soyuqdan əziyyət çəkir, bir qarını ac, bir qarını tox böyüyürlər. Onların keyfiyyətli insan və vətəndaş kimi yetişməsi üçün tezliklə bu çətin durumdan xilas olunmaları vacib şərtdir.
İndi Firdovsi Mirzəyevin uğrunda canını qoyduğu dövlətin və imkanlı insanların yardımına ehtiyacı var. Yardım etmək istəyənlər bu ailəni Mehdiabad qəsəbəsində “Qulam Hüseyn” məscidində tapa bilərlər. musavat.com