“Oazis” restoranında baş verən kütləvi davanın iştirakçıları barışıq elan ediblər. APA TV-nin məlumatına görə, hadisədən sonra həbs olunan şəxslərdən Ravid Abdullayevdən istintaqın sonuna kimi başqa yerə getməmək barədə iltizam alınıb və o sərbəst buraxılıb. Məlumatı Binəqədi rayon Polis İdarəsi təsdiqləyib. İdarədən bildiriblər ki, tərəflər arasında barışıq barədə ümumi razılıq əldə olunub. Kütləvi dava zamanı ağır xəsarət alan Zaur Əsgərovun atası Mahir Əsgərov da APA TV-yə açıqlamasında barışıq əldə olunduğunu bildirib.
“Öz aramızda ortaq məxrəcə gəldik. Şəxsən mən Hacı Mirtaliblər görüşdüm və biz sülhlə ayrıldıq. Barışıq hər iki tərəfin razılığı ilə oldu. Cavandırlar, bir hadisədir olub, bunların arasında münaqişə olub, biz də son qoyduq”.
Binəqədi rayon polis idarəsinin rəisi Namiq İsmayılov APA TV-yə bildirib ki , tərəflər arasında barışıq əldə olunsa da, bu, cinayət işinin yekunlaşması deyil.
“İstintaq bitdikdən sonra toplanmış materiallar Binəqədi məhkəməsinə göndəriləcək. Bu adı məişət zəminində baş verən insidentdir. Adını kriminal qarşıdurma qoyanlar yanılırlar. Tərəflərin hər biri müstəntiq Musa Məmmədov tərəfindən ayrı-ayrılıqda istintaqa dəvət olunub və bu gündə proses davam edir”.
Qeyd edək ki , xəsarət alan Zaur Əsgərov artıq Klinik Tibbi Mərkəzdən evə buraxılıb və müalicəsini ev şəraitində davam etdirir. Onun atası Mahir Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edib.
“Mən hüquq-mühafizə orqanlarından bir şey xahiş edirəm. Cavandırlar, onlara imkan daxilində kömək etsinlər. Biz söhbəti öz aramızda həll elədik. Bunların gələcəyi var. İndi onları hər səhvə görə cəzalandırmağın yeri yoxdur. Başa düşürəm, qanun qanundur , amma cavanlıqlarını nəzərə alsınlar”.
Qeyd edək ki, “Oazis” restoranında baş verən kütləvi dava ilə əlaqədar Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanıb və 3 nəfər həbs olunub. Onlardan biri zaminə buraxılıb, "Oazis" restoranının 2 əməkdaşı isə həbsdədir. Onların nə vaxt azadlığa buraxılacağı barədə hələlik heç bir açıqlama verilmir.