Bununla bağlı Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev sərəncam imzalayıb
Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər Planı təsdiq edilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sənəddə müvafiq dövlət qurumlarına festival çərçivəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda Beynəlxalq elmi simpoziumun, muğamın solo və instrumental ifaları üzrə respublika və beynəlxalq müsabiqələrin təşkili və keçirilməsi ilə bağlı məsələləri həll etmək barədə müvafiq tapşırıq verilib.
Həmçinin, festival çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan elmi və mədəni ictimaiyyəti nümayəndələrinin, eləcə də gənclərin iştirakının təmin olunması, festivalın keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi və tərtibatı, rəsmi açılış və bağlanış mərasimlərinin təşkili, festivalla əlaqədar çap və reklam materiallarının (proqramlar, bukletlər, dəvətnamələr və s.) hazırlanması da tədbirlər planına daxil edilib. Eyni zamanda, festivalın xarici iştirakçılarının Azərbaycan Respublikasına gəlmələri üçün uyğun şəraitin yaradılması, o cümlədən vizaların rəsmiləşdirilməsinin sürətli təmin olunması, festival çərçivəsində keçiriləcək “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda Beynəlxalq elmi simpoziumun işində tərcümənin təşkili və iclas zallarının müvafiq zəruri avadanlıqla təmin edilməsi üçün aidiyyəti qurumlar müəyyənləşib.
Festivalın yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasına şərait yaradılması, Bakı şəhərində festivala dair müvafiq məlumat lövhələrinin quraşdırılması, nəqliyyat, regionlarda konsertlərin təşkili məsələlərini həll etmək də müvafiq qurumlara tapşırılıb.