İmamzadə ziyarətgahında bıçaqlanma hadisəsi baş verib. 65 yaşlı molla Məhəmməd Həmzəyev ziyarətgahda qurban kəsmək istəyən gənci bıçaqlayıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 22 yaşlı Bəxtiyar İsmayılov qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən xəstənin həyatını xilas etmək mümkün olub. Hazırda şok vəziyyətində olan 22 yaşlı gəncin vəziyyəti orta-ağır qiymətləndirilir. Kəpəz rayon Polis İdarəsindən bildirilib ki, İmamzadə ziyarətgahında qurban kəsmək istəyən Bəxtiyar İsmayılovla ziyarətgahda olan 65 yaşlı Məhəmməd Həmzəyev arasında mübahisə yaranıb və dava bıçaqlanma ilə nəticələnib. Gəncə şəhər Göy İmamzadə Ziyarətgahının dini ayinlərinin icraçısı Hacı İlham Abbasovun sözlərinə görə, hər iki şəxs zəvvar qismində İmamzadə Ziyarətgahına gələn şəxslər olub. Hadisə isə şəxsi zəmində baş verib.
“Zərər çəkən şəxs də zəvvardır, qurban kəsməyə gəlmiş şəxsdir. Qarşı tərəf də zəvvardır. Ağsaqqal kişidir. Bu məsələnin İmamzadə ilə, ümumiyyətlə dini idarə ilə heç bir əlaqəsi yoxdur”
Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, Məhəmməd Həmzəyev hadisəni törətdiyini etiraf etmir. Bəxtiyar İsmayılov isə şok vəziyyətində olduğundan onu dindirmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
APA TV