Bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanaraq, məhkəmələrə göndərilən cinayət işləri arasında “Sevil” MTK, Qazax Müəllimlər İnstitutun rektoru İsa Veysov və rəhbərlik etdiyi cinayətkar qrup, “Aqroliznq”in rəhbər şəxsləri ilə bağlı cinayət işləri də olub.
APA-nın məlumatına görə, bunu bu gün Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.
K. Əliyev deyib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə məhkəməyə göndərilən məhkəmə işləri arasında qrup şəklində törədilmiş ağır cinayətlərlə bağlı işlər üstünlük təşkil edir. Keçən il məhkəmələrə göndərilən 103 cinayət işindən 51-i ağır cinayətlərə üzrə məhkəmələrə göndərilibsə, bu il məhkəmələrə göndərilən 99 cinayət işindən 59-u ağır cinayətlər üzrə məhkəmələrə göndərilib.
K. Əliyev qeyd edib ki, indiyə qədər Baş İdarədə 270 cinayət işi üzrə istintaq həyata keçirilib: “Bunların bir qismi üzrə istintaq başa çatıb, hazırda isə Baş İdarədə 118 cinayət işi üzrə ibtidai istintaq aparılmaqdadır”.