12 illik fasilədən sonra yenidən böyük futbola qayıdan Naxçıvanın “Araz” komandası azarkeşləri önünə çıxıb. Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Muxtar respublika təmsilçisi Naxçıvan Dövlət Universitetinin eyni adlı komandası ilə üz-üzə gəlib.
Görüş İbrahimxəlil Axundlu adına şəhər stadionunda yox, “Araz”ın təlim-məşq üçün toplaşdığı Şərur Olimpiya İdman Kompleksinin arenasında baş tutub. Baş məşqçi Əsgər Abdullayevin komandası böyük hesabla qalib gəlib - 6:0. Komandanın yeganə gürcü legioneri David Canalidze ilə hesabı açan Naxçıvan klubu daha sonra Rəhman Musayev və Emin İmaməliyevin qolları sayəsində fərqi artırıb. Hər iki təcrübəli futbolçu bu matçda dubl edib. Ötən mövsüm Topaz Premyer Liqasında “Rəvan”ın şərəfini qorumuş Mikayıl Rəhimov yeni komandasında da qol vurmağa müvəffəq olub.
Qeyd edək ki, “Araz” növbəti yoxlama oyununu avqustun 13-də “Neftçala”ya qarşı keçirəcək. Görüş İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunda baş tutacaq. Bu matçla həm də yeni təmirdən çıxmış arenanın açılışı olacaq.