Qənirə Paşayeva Türkiyənin Balıkəsir bələdiyyə başçısı Ahmet Edib Uğurla görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı Q. Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaşlaşdığını, qədim Balıkəsiri də bu sırada görmək istədiyini bildirib. Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Balıkəsirin mərkəzi parklardan birinə " Azərbaycan” adının veriləcəyinə inandığını deyib. O, Balıkəsir bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
Azərbaycanı çox sevdiyini deyən Balıkəsir bələdiyyə başçısı Ahmet Edib Uğur Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayıb. Balıkəsir bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını vəd edib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Balıkəsirdə Azərbaycan parkı ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını vurğulayıb.
Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan millət vəkili kitabın növbəti hissələrində qədim Balıkəsirin də yer alacağını bildirib: "Azərbaycan insanına Balıkəsiri daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək".